Yasamal rayonunda 20 Yanvar faciəsinin 35-ci ildönümü silsilə tədbirlərlə davam edir. Bununla bağlı paytaxtın 20 Yanvar dairəsində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış Abidə Kompleksinin önündə Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayon ictimaiyyətinin iştirakı ilə anım mərasimi keçirilib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ali, orta ixtisas və ümumtəhsil müəssisələrinin rəhbərləri, pedaqoji heyəti, səhiyyə nümayəndələri, gənclər, ziyalılar və 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri 20 Yanvar Abidə Kompleksinə gələrək Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün uğrunda mübarizədə canlarını fəda etmiş vətən övladlarının əziz xatirəsini yad etmək məqsədilə əklilqoyma mərasiminə toplaşdılar. Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, 20 Yanvar dairəsi ərazisində və 20 Yanvar metrostansiyasında hərəkət edən nəqliyyat vasitələri, o cümlədən sərnişinlər bir dəqiqəlik sükutla şəhidlərin əziz Ruhuna təzim etdilər. Dövlət Himni səsləndirildi. Sonra rayon rəhbərliyi və ictimaiyyəti Abidə Kompleksinin önünə əklillər və gül dəstələri düzdülər.
Mərasimdən sonra Yasamal Bələdiyyəsində 20 Yanvar şəhidlərinin ailələri və əlilləri ərzaq yardımı ilə təmin olundular.