44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Müharibə varsa, şəhid də var, qazi də, itkin də. Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıtdıq.
Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Yasamal rayon şəhidlərinin əziz xatirəsi yad olunub.
Yasamal bələdiyyəsinin üzvləri və qulluçuları Yasamal rayon şəhidlərinin xatirə kompleksini ziyarət ediblər. Ərazi bütövlüyümüz uğrunda həlak olan qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, kompleks önünə gül dəstələri düzülüb. Daha sonra bələdiyyə üzvləri və qulluçuları Hərbi Memorial Məzarlığa baş çəkərək burada Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, xatirələrini dərin ehtiramla yad ediblər.