21.01.2020Çərşənbə axşamı

Yanvarın 20-də 20 Yanvar-Memorial abidə kompleksi önündə tədbir keçirildi

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi, əksinə xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşdu. Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır deyə bilərik.

Yanvarın 20-də 20 Yanvar Memorial Abidə Kompleksinin önündə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP rayon təşkilatının, rayon Bələdiyyəsinin, rayon hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, ictimai birliklərin sədrləri, rayon ağsaqqalları və şəhid ailələri iştirak etdilər.

Tədbir bir dəqiqəlik sükutla başlandı.Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov abidə önünə əklil qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad etdi. 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov öz çıxışında bildirdi ki, 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanıdır.Ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, əlil olmuş vətəndaşlara daim diqqət və qayğı ilə yanaşıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxlər dövlət başçısının hər zaman diqqət mərkəzindədir.Xalqımız hər il öz qəhrəman övladlarının xatirəsini dərin ehtiram və hüznlə yad edir.Vətən fədailərinin əziz xatirəsi unudulmur və unudulmayacaq.

Tədbirin sonunda şəhid ailələri və əlillər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

21.01.2020Çərşənbə axşamı

Yanvarın 18-də Yasamal Bələdiyyəsində 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi

Yanvarın 18-də Yasamal Bələdiyyəsində Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi.Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, 20 Yanvar şəhid ailələrinin üzvləri və 20 Yanvar hadisələrində əlil olan sakinlər iştirak etdilər.

İlk öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra 20 Yanvar şəhidlərinin ruhuna ehsan süfrəsi açıldı və şəhidlərin ruhuna dualar oxundu.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 20 yanvar şəhid ailələrinin üzvləri ilə görüşərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət və qayğı göstərilib. Dövlət başçısının müvafiq Sərəncamı ilə Şəhidlər Xiyabani vahid kompleks kimi yüksək səviyyədə yenidən qurularaq abadlaşdırılıb, həmçinin “20 Yanvar” dairəsində 20 yanvar faciəsi qurbanlarının xatirəsinə memorial abidə kompleksi yaradılıb. 20 yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı həmişə dövlətimizin başçısının diqqətindədir. 20 yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.

Görüşdə şəhid ailələrini narahat edən məsələlərlə bağlı icra başçısı yerindəcə tapşırıqlar verdi.

Sonda şəhid və əlil ailələrinə ərzaq yardımları paylandı.