
Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonu inzibati ərazi vahidi kimi 1932-ci ildə yaradılmışdır, rayon cənubdan Səbail (3 km), qərbdən Qaradağ (3,2 km), şimaldan Binəqədi (2,8 km) və şərqdən Nəsimi (5 km) rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 16,22 kv.km-dir. Rayon ərazisindən - cənubdan "Qurd qapısı”ndan və Badamdar qəsəbəsindən keçərək Bakı-Qazax və Bakı-Astara, qərbdən – Yeni Yasamal massivindən keçərək Bakı dairəvi yol vasitəsilə Bakı-Qazax, Bakı-Astara və Bakı-Yalama, şimaldan – Biləcəri enişi vasitəsi ilə Bakı-Qazax və Bakı-Yalama magistrallarına çıxış vardır. Rayon əhalisinin sayı 244 900 nəfərdir. Rayon ərazisində Ermənistan Respublikasından – öz doğma yurdlarından didərgin düşmüş qaçqın və 11 işğal olunmuş rayondan məcburi köçkünlər yaşayır. Bunlardan 319 ailə - 1238 nəfər qaçqın, 6226 ailə - 23795 nəfər məcburi köçkün bu günədək rayon İcra Hakimiyyətində qeydiyyatdan keçmişdir: Qeydiyyatda olan rayon əhalisinin sıxlığı 1 kv.km-ə 15 098 nəfər düşür. Rayon əhalisinin 118 776 nəfərini, yəni 48.5 faizini kişilər, 126 124 nəfərini, 51.5 faizini qadınlar təşkil edir.Rayon ərazisində 7 ali təhsil müəssisəsi, 4 orta ixtisas təhsil müəssisəsi, 4 musiqi məktəbi, 29 uşaq bağçası-körpələr evi, 25 orta ümumtəhsil məktəbi (lisey, gimnaziya) fəaliyyət göstərir ki, burada işləyən müəllimlərin sayı 3109 nəfər, şagirdlərin sayı isə 28 014 nəfərdir.Metropolitenin "Nizami”, "Elmlər Akademiyası”, "İnşaatçılar” və "20 Yanvar " metro stansiyaları rayon ərazisindədir.Rayonun seçkili yerli özünüidarəetmə orqanı Yasamal bələdiyyəsidir.Rayon ərazisində Azərbaycan Respublikasının seçkili orqanlarına seçkilər üzrə üç seçki dairəsi – 15 saylı Yasamal I seçki dairəsi, 16 saylı Yasamal II seçki dairəsi, 17 saylı Yasamal III seçki dairəsi və bir müştərək – 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi formalaşdırılmışdır.